Məlumdur ki, insanlar həyatda çox zaman yüksək və ya naqis əxlaqı, özünün xoş və ya bədniyyətli rəftarı, bütövlükdə yaxşı, pis ünsiyyəti ilə yadda qalır. Bəllidir ki, ünsiyyət “üns” sözündən əmələ gəlmişdir. Ərəbcə insan, adam, bəşər mənasında işlədilir. Onun predmeti müsahibdir. Yəni başqa birisidir. Bu mənada insan həmişə başqa birisinə möhtacdır. Çünki ünsiyyət insanlar arasında informasiya mübadiləsidir. Məsləhətləşmək, yeni üsul öyrənmək, öyrətmək, bir-birinə kömək etmək, fikir mübadiləsi etmək və s. əhatə edir. Ünsiyyətin digər tərəfi jestlər, yəni qeyri-verbal rabitə vasitələri – xoş təbəssüm, hirsli baxış, çatılmış qaşlar, rəngi qaçmış bəniz, titrəyən səs və s. də az əhəmiyyət kəsb etmir. Ünsiyyət insanların şəxsiyyətini, sosial münasibətlərini öyrənmək, adamları tanımaq baxımından da əhəmiyyətlidir. Sosial insan kimi inkişafımızda və şəxsiyyət kimi formalaşmağımızda ünsiyyətin əvəzsiz rolunu qeyd etməmək olmaz. İnsanların bir-birinə münasibətləri onların apardıqları söhbətdə, dialoqda özünü aydın biruzə verir. Ünsiyyətin xoşniyyətliliyi, acılığı və şirinliyi bir neçə kəlmədən özünü göstərir. Əsrlərlə ölkələr arasında olan müharibələr, kin və qəzəblər, ailədə yaranan ziddiyyətlər, boşanmalar, nifrət kimi hisslər məhz insanların birbirini başa düşməməsindən, ünsiyyətin düzgün qurulmamasından, ünsiyyət yollarından yerində, düzgün, yararlı şəkildə istifadə olunmamasından irəli gəlmişdir. Şübhəsiz ki, insanlar hansı mövzuda olursa olsun bir-biriləri ilə danışmaq, ünsiyyət saxlamaq ehtiyacı hiss edirlər. Bu baxımdan hər hansı bir problemin həlli səbirli danışmağa, təhlilə möhtacdır. Hər bir insan “xoşbəxtlik” məfhumunu bir cür dərk edir. Deməli, xoşbəxtliyə verilən məna insanlara görə dəyişir. Amma fikirləşdiyimiz zaman görürükki, çoxumuzun xoşbəxtliyi başqa insanlarla olan münasibətimizə, ünsiyyətimizə bağlıdır. Ünsiyyətsiz insanı təsəvvür etmək mümkün deyil. Yaxşı və ya pis ünsiyyətin obyektinin insan olduğunu nəzərə alsaq hər bir kəs çox diqqətli olmalı, həm özünün, həm də ünsiyyətdə olduğu adamın sağlamlığına hörmət etməlidir.