Özünə inam , insanın özünə olan güvənidir…
Özgüvən, “ya var ya da yoxdur” şəklində sahib olduğumuz və ya olmadığımız bir qavrayış deyil. Bu bir şəxsiyyət xüsusiyyəti də deyil. Üzərində işləmək lazımdır. Müəyyən sahələrdə öz üzərində işləyərək özünə olan inamını artıra bilərsən.
İnsan hər hansı bir məclisdə, bir kənarda çox səssizcə oturar ancaq daxilən özünə güvənən biri ola bilər. Əksinə məclisdə çox danışan biri olub daxilən özünə heç bir güvəni olmayan biri ola bilər. Çox danışmaq özünə inamın bir göstəricisi deyil. Özgüvən, hər zaman bacara biləcəyinə inanmaq deyil. Bacara bilməsən də özünə olan inamını itirməmək, yenidən və yenidən ayağa qalxmağı gözə almaqdır.
Hər zaman özgüvənli olmaq mümkündür?
Bir gecədə ortaya çıxan uğurlu işlərin arxasında illərlə tökülən alın təri vardır. Bu tip insanlar öz uğurlarına inanıblar, uğur qazanacaqlarına inanıblar, özlərinə güvənərək çox çalışıblar.
Özgüvənli insan həmişə özgüvənli deyil. İnsan bir işdə özünə inansa da, digər məsələdə özünə inanmaya bilər. Bu insanlar özlərinin zəif və güclü tərəflərini bilirlər. Real hədəfi və gözləntisi var, özünə olunan tənqidləri rahatlıqla qəbul edir.
Digər tərəfdən, bir insanın özünə inanmaması, özündən şübhələnməsinə, passiv və itaətkar olmasına və ya başqalarına etibar etməkdə çətinlik çəkməsinə səbəb olur. İnsan özünü daha aşağı görür, sevilmədiyini düşünür və tənqidə çox həssas olur.